Dərin düşünmək insanı Allaha yaxınlaşdırır

Dünyanı əhatə edən yaradılış dəlillərini görmək, araşdırmaq və onlar barədə düşünmək bəzi insanların həqiqətləri görməsinə mane olan qəfləti aradan qaldıran ən mühüm amillərdən biridir. Uca Allahın üstün elmi və qüdrəti ancaq səmimi bir təfəkkürlə təqdir edilə bilər. Bunun sayəsində insan Rəbbimizin açıq dəlilləri qarşısında qəti olaraq iman etməklə yanaşı, Onun üstün sifətlərini tanıyır, Allaha daha çox yaxınlaşır və hər işində Onun rizasını qazanmağı qarşısına məqsəd qoyur. Uca Rəbbimiz Qurandakı bir çox ayədə insanları düşünməyə dəvət edir. Düşünmək, xüsusən də “dərindən düşünmək” insanın aləmləri yoxdan var edən, sonsuz güc sahibi Uca Allahı təqdir edə bilmək gücünü, bilavasitə Allah qorxusunu və Allaha olan yaxınlığını artıran ən mühüm vəsilələrdən biridir.

Allah Quranın bir çox ayəsində “... düşünüb ibrət götürməyəcəksinizmi?” (Nəhl surəsi, 17), “... düşünən insanlar üçün dəlillər vardır” (Bəqərə surəsi, 164) ifadələri ilə düşünməyin əhəmiyyətini açıqlamış və haqqında düşünməyimiz üçün saysız-hesabsız dəlillər yaratmışdır. Gördüyümüz, sezdiyimiz hər şey Allahın təzahürü və dəlilidir. Bu səbəbdən göylərdə, yerdə və onların arasında olan hər şey insanın düşünməsi üçün bir vəsilədir. Bir ayədə belə deyilir:

“(Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut edən) dəlillər vardır!” (Nəhlsurəsi, 11)

Allahın yaratma sənətini görə bilməyin yolu: düşünmək

Düşünmək dünyadakı hər şeyi Allahın üstün yaratma sənətinin bir dəlili olaraq görməkdir. Məsələn, pəncərəyə baxmaqla pəncərədən baxmaq eyni deyil. Pəncərəyə baxanlar bəlkə pəncərənin üzərindəki ləkələri görür, ya da pəncərənin çərçivəsi, şüşəsi kimi bir sıra forma xüsusiyyətləri haqqında məlumatlara sahib olurlar. Pəncərənin möhtəşəm dünyaya açıldığını düşünüb buradan bayıra baxanlar isə bu pəncərənin arxasındakı gözəllikləri seyr edir və bundan zövq alırlar. Bu mənada düşünmək ətrafımızdakı gözəllikləri görə bilməyimizi təmin edən bir nemətdir. Təfəkkür sayəsində qarşılaşdığımız görüntülərin hər biri bizə Uca Rəbbimizin əzəmətini, sonsuz rəhmətini və üstün yaratma sənətini göstərir.

İnsanlar gün ərzində bir çox mövzu haqqında düşünürlər. Amma bu düşüncələrin böyük bir qismi onun axirəti üçün fayda verməyəcək, “boş və lazımsız”, insanı heç bir nəticəyə gətirib çıxarmayan, ona heç nə qazandırmayan mənasız düşüncələrdir. Baxmayaraq ki, əsas olan insanın həyatının hər anında baş verən hadisələrin səbəblərini, hikmətlərini araşdıraraq, sözün əsl mənasında “dərin bir şəkildə” düşünməsidir.

“Dərin şəkildə” düşünməyi bacaran insan meyvə, məsələn, portağal yeyərkən belə, bu meyvə haqqında düşünür: portağalın quru bir torpaqdan bu qədər ləzzətli və sulu bir meyvə olaraq, həm də dilimlənmiş şəkildə çıxdığını, tərkibində insanın ehtiyacı olan vitaminlər olduğunu və məhz insanların bu vitaminlərə ehtiyacı olan qış mövsümündə yetişdiyini düşünür. Belə dərindən düşünən bir mömin ətrafındakı hər incəlikdə Allahın qüdrətini və sənətini görür. Onu təsbih edir və Allaha yaxınlaşmağın yolunu tapır. Möminlərin bu xüsusiyyətləri barədə Quranda belə xəbər verilir:

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Al-i İmran surəsi, 191)

Düşünmək tənbəlliyindən xilas olmaq

İnsanların düşünmələrinə mane olan bir çox səbəb var. Bu səbəblər insanı düşünməkdən, həqiqətləri görməkdən məhrum edə bilir. Buna görə hər bir insanın ona mənfi təsir göstərən səbəbləri müəyyən etməsi və onların təsirindən çıxması vacib şərtdir.

Dərindən düşünməyə mane olan ən mühüm amillərdən biri düşünməyə  tənbəllik etməkdir. Düşünməyə tənbəllik etdikləri üçün insanlar hər şeyi gördükləri və öyrəşdikləri kimi edirlər, məsələn:
·         İnsanın hər zaman öyrəşdiyi kimi hərəkət etməsi,
·         Çətin və əziyyətli olsa belə, hər mövzuda yalnız bildiyi metodları tətbiq etməsi,
·         Heç bir yeni fikir irəli sürməməsi, ya da fərqli bir metodu sınamaması,
·       Qüsurları olduğunu bildiyi mövzularda öz xüsusiyyətlərini yaxşıya doğru dəyişməyə ehtiyac duymaması kimi davranışlar düşünməyə təmbəllik etməsinin ən açıq göstəricilərindən biridir.
Amma, insan düşündükcə inkişaf edir. Həqiqətləri görə bilmək qabiliyyətinin artması, ədalət duyğusunun güclənməsi, hər mövzuda qavrama özəlliyi və bu kimi xüsusiyyətlər də təfəkkürlə əldə edilir.

Beləliklə, bu nöqtədə düşünmənin insana nələr qazandıra biləcəyini bilmək, şübhəsiz ki, təşviqedici olacaq. Dəyərli İslam alimlərimizdən olan Mehmet Zahit Kotku təfəkkürün insana müsbət təsirlərini son dərəcə səmimi və hikmətli şəkildə belə xülasə edir:

“Təfəkkür qəlbdə bir işıqdır. Xeyir və şəri ayırmaqda ağıl ona möhtacdır. Təfəkkür qəlbdə olan qabiliyyəti göstərir. Qəlbi qəflət dəryasına düşməkdən qurtarır. Təfəkkür könüllərin təmizlənməsidir. Diqqətli olub,hər şeyi açıq şüurla düşünməyin başlanğıcıdır. Təfəkkür həqiqət baxçalarının misli-bərabəri olmayan ağacları, çiçəkləri, gülləridir. Ən incə hadisələri kifayət qədər aşkaranə göstərən nurdur. Təfəkkür eyni zamanda əşyanın həqiqətini göstərən bir güzgüdür. İncə mənaların tərəzisidir. Təfəkkür hikmət qaynaqlarından biridir, cəvahir kimi və digər qiymətli metalları tanımaq kimidir. Təfəkkür hikmətləri tutmaq üçün bir tor kimidir. İbrət baxışlarına alışmaqdır”.

Düşünməkdən çəkinənləri gözləyən çətin hesab

İman etməyənlər

 “Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!” (Fəcr surəsi, 23)

ayəsində də bildirildiyi kimi, ancaq cəhənnəmi gördükdən sonra sözün əsl mənasında düşünməyə başlayarlar.

Bu insanlar o ana qədər dünyada yaşamalarının məqsədini, ətraflarındakı canlıların necə meydana gəldiyini və niyə yaradıldıqlarını, gecə və gündüzün mövcudluğunun səbəblərini, kainatdakı qayda-qanunun nöqsansızlığını, Allahın Quranda əmr etdiklərini, qısası, onlara sözün həqiqi mənasında fayda verəcək mövzulardan heç birini o ana qədər düşünməmişlər. Bir gün bütün insanlar kimi, özlərinin də öləcəyini və Allahın qarşısında hesab verəcəklərini ağıllarına belə gətirməmişlər.

Böyük bir dərk və anlayış çatışmazlığı olan bu kimi insanlar həqiqətləri, ayədə də bildirildiyi kimi, yalnız Rəbbimizin hüzurunda hesab verdikləri zaman anlayacaqlar. Sonsuz güc sahibi olan Uca Allah bu insanların halını Quran ayələrində belə bildirir:

“Onlar dünya həyatının zahirini (ticarət və əkinçilik işlərini, məişət məsələlərini) bilirlər, axirətdən isə xəbərsizdirlər. Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağını) inkar edir.” (Rum Surəsi, 7-8)

Təffəkkür etməyin axirətdəki gözəl qarşılığı

Peyğəmbər s.ə.s – in “Bir saat düşünmək min il müstəhəb ibadətdən xeyirlidir” hədisi-şərifində əhəmiyyətini vurğuladığı düşünməklə yanaşı, üzərində durulması lazım olan mühüm bir nöqtə var: Səmimi şəkildə düşünmək möminə həm dünyada, həm də axirətdə çox xeyir və hikmət qazandırır. Çünki iman edən insanlar ətraflarında olub-keçənlər haqqında daim düşünürlər, ətraflarındakı varlıqları tədqiq edir və onlardakı yaradılış dəlillərini görürlər. Bu da insanın üzərindəki qəflət pərdəsini aralamasına və səmimi şəkildə Allaha yönəlməsinə çox böyük təsir edir.

Bu səbəbdən Allaha daha yaxın olmaq istəyən hər insan düşünməsinə mane olan hər şeyi aradan qaldıraraq, qəlbən və səmimi bir şəkildə Allahın yaratdığı hər hadisə və varlıq barədə düşünməli, düşündüklərindən özü üçün bir öyüd və dərs götürməlidir.

Təfəkkür edərək daim həqiqəti görən möminin axirətdəki qazancı Rəbbimizin sevgisi, rizası, rəhməti və cənnəti olacaq. Şübhəsiz, bu, ən gözəl nailiyyətdir. Rəbbimiz ayələrdə saleh möminləri Öz Qatında gözləyən gözəl qarşılıqla belə müjdələyir:

“İman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnət guşələrində (Cənnətin yüksək məqamlarında) sakin edəcəyik. Onlar orada əbədi qalacaqlar. (Yaxşı əməllər) edənlərin mükafatı necə də gözəldir!O kəslər ki, səbr edər və yalnız Rəbbinə bel bağlayarlar!” (Ənkəbut surəsi, 58-59)

Təfəkkürün qazandırdıqları

Düşünən insan:
·   Allahın yaratma sirlərini, dünya həyatının həqiqətlərini, cənnət və cəhənnəmin varlığını, hadisələrin batinini anlar.
·    Allahın razı olduğu bir qul olmağın mahiyyətini daha yaxşı başa düşər, din əxlaqını lazımi şəkildə yaşayar.
·    Gördüyü hər şeydə Allahın sifətlərini tanıyar, insanların əksəriyyəti kimi deyil, Allahın əmr etdiyi şəkildə düşünməyə başlayar. Bunun nəticəsi olaraq da həm gözəlliklərdən hamıdan daha çox zövq alar, həm də lazımsız şübhələrə, dünyaya aid ehtiraslara qapılaraq, özünü sıxıntıya salmaz.
·   Hər an Allahı yanında hiss edər. Bu səbəbdən düşünən bir insanın Allaha olan bağlılıq dərəcəsi, Allah qorxusu, məsuliyyət hissi və şövqü də gündən-günə artar.
Bunlar düşünən bir insanın dünyada qazanacağı gözəlliklərin sadəcə bir neçəsidir. Dünya həyatında düşünərək həqiqətləri görməkdən qaçan insanların isə düşünəcəkləri, həm də “dərindən və yaxşı-yaxşı” düşünəcəkləri və həqiqətləri açıq şəkildə görəcəkləri bir gün mütləq gələcək. Amma o gün düşünmələri onlara heç bir fayda verməyəcək.