Allahın detallardakı sənətini görə bilmək 

Dünyanı əhatə edən yaradılış dəlillərini görmək, araşdırmaq və onlar barədə düşünmək bəzi insanların həqiqətləri görməsinə mane olan qəfləti aradan qaldıran ən mühüm amillərdən biridir. Uca Allahın üstün elmi və qüdrəti ancaq səmimi bir təfəkkürlə təqdir edilə bilər. Bunun sayəsində insan Rəbbimizin açıq dəlilləri qarşısında qəti olaraq iman etməklə yanaşı, Onun üstün sifətlərini tanıyır, Allaha daha çox yaxınlaşır və hər işində Onun rizasını qazanmağı qarşısına məqsəd qoyur. Uca Rəbbimiz Qurandakı bir çox ayədə insanları düşünməyə dəvət edir. Düşünmək, xüsusən də “dərindən düşünmək” insanın aləmləri yoxdan var edən, sonsuz güc sahibi Uca Allahı təqdir edə bilmək gücünü, bilavasitə Allah qorxusunu və Allaha olan yaxınlığını artıran ən mühüm vəsilələrdən biridir.

Allah Quranın bir çox ayəsində “... düşünüb ibrət götürməyəcəksinizmi?” (Nəhl surəsi, 17), “... düşünən insanlar üçün dəlillər vardır” (Bəqərə surəsi, 164) ifadələri ilə düşünməyin əhəmiyyətini açıqlamış və haqqında düşünməyimiz üçün saysız-hesabsız dəlillər yaratmışdır. Gördüyümüz, sezdiyimiz hər şey Allahın təzahürü və dəlilidir. Bu səbəbdən göylərdə, yerdə və onların arasında olan hər şey insanın düşünməsi üçün bir vəsilədir. Bir ayədə belə deyilir:

“(Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut edən) dəlillər vardır!” (Nəhl surəsi, 11)
 



Allahın yaratma sənətini görə bilməyin yolu: düşünmək

Düşünmək dünyadakı hər şeyi Allahın üstün yaratma sənətinin bir dəlili olaraq görməkdir. Məsələn, pəncərəyə baxmaqla pəncərədən baxmaq eyni deyil. Pəncərəyə baxanlar bəlkə pəncərənin üzərindəki ləkələri görür, ya da pəncərənin çərçivəsi, şüşəsi kimi bir sıra forma xüsusiyyətləri haqqında məlumatlara sahib olurlar. Pəncərənin möhtəşəm dünyaya açıldığını düşünüb buradan bayıra baxanlar isə bu pəncərənin arxasındakı gözəllikləri seyr edir və bundan zövq alırlar. Bu mənada düşünmək ətrafımızdakı gözəllikləri görə bilməyimizi təmin edən bir nemətdir. Təfəkkür sayəsində qarşılaşdığımız görüntülərin hər biri bizə Uca Rəbbimizin əzəmətini, sonsuz rəhmətini və üstün yaratma sənətini göstərir.

İnsanlar gün ərzində bir çox mövzu haqqında düşünürlər. Amma bu düşüncələrin böyük bir qismi onun axirəti üçün fayda verməyəcək, “boş və lazımsız”, insanı heç bir nəticəyə gətirib çıxarmayan, ona heç nə qazandırmayan mənasız düşüncələrdir. Baxmayaraq ki, əsas olan insanın həyatının hər anında baş verən hadisələrin səbəblərini, hikmətlərini araşdıraraq, sözün əsl mənasında “dərin bir şəkildə” düşünməsidir.

“Dərin şəkildə” düşünməyi bacaran insan meyvə, məsələn, portağal yeyərkən belə, bu meyvə haqqında düşünür: portağalın quru bir torpaqdan bu qədər ləzzətli və sulu bir meyvə olaraq, həm də dilimlənmiş şəkildə çıxdığını, tərkibində insanın ehtiyacı olan vitaminlər olduğunu və məhz insanların bu vitaminlərə ehtiyacı olan qış mövsümündə yetişdiyini düşünür. Belə dərindən düşünən bir mömin ətrafındakı hər incəlikdə Allahın qüdrətini və sənətini görür. Onu təsbih edir və Allaha yaxınlaşmağın yolunu tapır. Möminlərin bu xüsusiyyətləri barədə Quranda belə xəbər verilir:

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Al-i İmran surəsi, 191)
 



Düşünmək tənbəlliyindən xilas olmaq

İnsanların düşünmələrinə mane olan bir çox səbəb var. Bu səbəblər insanı düşünməkdən, həqiqətləri görməkdən məhrum edə bilir. Buna görə hər bir insanın ona mənfi təsir göstərən səbəbləri müəyyən etməsi və onların təsirindən çıxması vacib şərtdir.

Dərindən düşünməyə mane olan ən mühüm amillərdən biri düşünməyə  tənbəllik etməkdir. Düşünməyə tənbəllik etdikləri üçün insanlar hər şeyi gördükləri və öyrəşdikləri kimi edirlər, məsələn:
·         İnsanın hər zaman öyrəşdiyi kimi hərəkət etməsi,
·         Çətin və əziyyətli olsa belə, hər mövzuda yalnız bildiyi metodları tətbiq etməsi,
·         Heç bir yeni fikir irəli sürməməsi, ya da fərqli bir metodu sınamaması,
·         Qüsurları olduğunu bildiyi mövzularda öz xüsusiyyətlərini yaxşıya doğru dəyişməyə ehtiyac duymaması kimi davranışlar düşünməyə təmbəllik etməsinin ən açıq göstəricilərindən biridir.
Amma, insan düşündükcə inkişaf edir. Həqiqətləri görə bilmək qabiliyyətinin artması, ədalət duyğusunun güclənməsi, hər mövzuda qavrama özəlliyi və bu kimi xüsusiyyətlər də təfəkkürlə əldə edilir.

Beləliklə, bu nöqtədə düşünmənin insana nələr qazandıra biləcəyini bilmək, şübhəsiz ki, təşviqedici olacaq. Dəyərli İslam alimlərimizdən olan Mehmet Zahit Kotku təfəkkürün insana müsbət təsirlərini son dərəcə səmimi və hikmətli şəkildə belə xülasə edir:

“Təfəkkür qəlbdə bir işıqdır. Xeyir və şəri ayırmaqda ağıl ona möhtacdır. Təfəkkür qəlbdə olan qabiliyyəti göstərir. Qəlbi qəflət dəryasına düşməkdən qurtarır. Təfəkkür könüllərin təmizlənməsidir. Diqqətli olub,hər şeyi açıq şüurla düşünməyin başlanğıcıdır. Təfəkkür həqiqət baxçalarının misli-bərabəri olmayan ağacları, çiçəkləri, gülləridir. Ən incə hadisələri kifayət qədər aşkaranə göstərən nurdur. Təfəkkür eyni zamanda əşyanın həqiqətini göstərən bir güzgüdür. İncə mənaların tərəzisidir. Təfəkkür hikmət qaynaqlarından biridir, cəvahir kimi və digər qiymətli metalları tanımaq kimidir. Təfəkkür hikmətləri tutmaq üçün bir tor kimidir. İbrət baxışlarına alışmaqdır”.


Düşünməkdən çəkinənləri gözləyən çətin hesab

İman etməyənlər

“Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!” (Fəcr surəsi, 23)

ayəsində də bildirildiyi kimi, ancaq cəhənnəmi gördükdən sonra sözün əsl mənasında düşünməyə başlayarlar.

Bu insanlar o ana qədər dünyada yaşamalarının məqsədini, ətraflarındakı canlıların necə meydana gəldiyini və niyə yaradıldıqlarını, gecə və gündüzün mövcudluğunun səbəblərini, kainatdakı qayda-qanunun nöqsansızlığını, Allahın Quranda əmr etdiklərini, qısası, onlara sözün həqiqi mənasında fayda verəcək mövzulardan heç birini o ana qədər düşünməmişlər. Bir gün bütün insanlar kimi, özlərinin də öləcəyini və Allahın qarşısında hesab verəcəklərini ağıllarına belə gətirməmişlər.

Böyük bir dərk və anlayış çatışmazlığı olan bu kimi insanlar həqiqətləri, ayədə də bildirildiyi kimi, yalnız Rəbbimizin hüzurunda hesab verdikləri zaman anlayacaqlar. Sonsuz güc sahibi olan Uca Allah bu insanların halını Quran ayələrində belə bildirir:

“Onlar dünya həyatının zahirini (ticarət və əkinçilik işlərini, məişət məsələlərini) bilirlər, axirətdən isə xəbərsizdirlər. Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağını) inkar edir.” (Rum Surəsi, 7-8)


Təffəkkür etməyin axirətdəki gözəl qarşılığı

Peyğəmbər s.ə.s–in “Bir saat düşünmək min il müstəhəb ibadətdən xeyirlidir” hədisi-şərifində əhəmiyyətini vurğuladığı düşünməklə yanaşı, üzərində durulması lazım olan mühüm bir nöqtə var: Səmimi şəkildə düşünmək möminə həm dünyada, həm də axirətdə çox xeyir və hikmət qazandırır. Çünki iman edən insanlar ətraflarında olub-keçənlər haqqında daim düşünürlər, ətraflarındakı varlıqları tədqiq edir və onlardakı yaradılış dəlillərini görürlər. Bu da insanın üzərindəki qəflət pərdəsini aralamasına və səmimi şəkildə Allaha yönəlməsinə çox böyük təsir edir.

Bu səbəbdən Allaha daha yaxın olmaq istəyən hər insan düşünməsinə mane olan hər şeyi aradan qaldıraraq, qəlbən və səmimi bir şəkildə Allahın yaratdığı hər hadisə və varlıq barədə düşünməli, düşündüklərindən özü üçün bir öyüd və dərs götürməlidir.

Təfəkkür edərək daim həqiqəti görən möminin axirətdəki qazancı Rəbbimizin sevgisi, rizası, rəhməti və cənnəti olacaq. Şübhəsiz, bu, ən gözəl nailiyyətdir. Rəbbimiz ayələrdə saleh möminləri Öz Qatında gözləyən gözəl qarşılıqla belə müjdələyir:

“İman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnət guşələrində (Cənnətin yüksək məqamlarında) sakin edəcəyik. Onlar orada əbədi qalacaqlar. (Yaxşı əməllər) edənlərin mükafatı necə də gözəldir! O kəslər ki, səbr edər və yalnız Rəbbinə bel bağlayarlar!” (Ənkəbut surəsi, 58-59)


Təfəkkürün qazandırdıqları

Düşünən insan:
·         Allahın yaratma sirlərini, dünya həyatının həqiqətlərini, cənnət və cəhənnəmin varlığını, hadisələrin batinini anlar.
·         Allahın razı olduğu bir qul olmağın mahiyyətini daha yaxşı başa düşər, din əxlaqını lazımi şəkildə yaşayar.
·         Gördüyü hər şeydə Allahın sifətlərini tanıyar, insanların əksəriyyəti kimi deyil, Allahın əmr etdiyi şəkildə düşünməyə başlayar. Bunun nəticəsi olaraq da həm gözəlliklərdən hamıdan daha çox zövq alar, həm də lazımsız şübhələrə, dünyaya aid ehtiraslara qapılaraq, özünü sıxıntıya salmaz.
·         Hər an Allahı yanında hiss edər. Bu səbəbdən düşünən bir insanın Allaha olan bağlılıq dərəcəsi, Allah qorxusu, məsuliyyət hissi və şövqü də gündən-günə artar.
Bunlar düşünən bir insanın dünyada qazanacağı gözəlliklərin sadəcə bir neçəsidir. Dünya həyatında düşünərək həqiqətləri görməkdən qaçan insanların isə düşünəcəkləri, həm də “dərindən və yaxşı-yaxşı” düşünəcəkləri və həqiqətləri açıq şəkildə görəcəkləri bir gün mütləq gələcək. Amma o gün düşünmələri onlara heç bir fayda verməyəcək.
İnsan, yalnız bir neçə dəqiqə yaşadığı dünyanı və yaşaya bilməsi üçün ona verilən bütün imkanları diqqətli şəkildə düşünsə heyrətə gələcək. Nəhəng qalaktikaların olduğu boşluqda, ucsuz-bucaqsız qalaktikalardan birinin içində, yaşamaq üçün xüsusi olaraq yaradılan bir planetdə yaşayır. Bu planet, yəni Dünya, ucsuz-bucaqsız boşluğun içində heç dayanmadan dövr edir, kainatdakı milyardlarla ulduzdan yalnız biri olan Günəş Yerə göndərdiyi şüalarla yer üzünü qızdırır. Bununla yanaşı qida dövranı, su dövranı, azot dövranı reallaşarkən, insan da; heyvan, bitki və mikroorqanizmlərlə birlikdə özünə təqdim  edilən hesabsız  səbəb vəsiləsiylə yaşaya bilir. Milyonlarla, milyardlarla detal bir yerə toplanıb, ən gözəl və ən qüsursuz şəkildə insana təqdim edilmişdir. Bəzisi insanların  yaşaması üçün lazım olan ehtiyacları ödəyərkən, bəziləri də gözəllik olsun deyə, nemət olaraq ona təqdim  edilir. Bu detalların hər biri bir sənətdir, yaradılış möcüzəsidir. Bəzən bu detallar həyat üçün o qədər vacibdir ki, onların olmaması ilə həyat dayanar, Dünya ölü bir planetə çevrilər. İnsanın isə, bunları yoxdan var etməyə belə deyil, bənzərini yaratmağa belə gücü çatmaz.

Allah insana həyatı boyu müxtəlif nemətlər verir. İnsan, hər an kopiyalanan DNT-si, hər an aldığı nəfəsi, hər an döyünən ürəyi, hər nəfəsdə aldığı oksigen vasitəsilə, hər an fırlanan Dünya, hər an hərəkət edən atomlar və daha nə qədər hesabsız detal sayəsində yaşaya bilir. Müxtəlif cür yeməklər, Dünyaya "rəng" verən günəş şüaları, fotosintez prosesini həyata keçirən bitkilər, göydən enən su, bitkiləri qidalandıran mikroorqanizmlər, dənizlər və daha bir çox sayısız nemət bu dünyada həyatın davam etməsinə vəsilə olur. Dünyanın mövqeyi, Günəşin, Ayın varlığı, bunların Dünyaya uzaqlıqları, Samanyolu qalaktikasındakı yerləri, böyüklükləri, orbitləri, havanı təşkil edən qazlar, molekullar, atomlar, insanın yaşamasına uyğun xüsusi şərtlərlə yaradılmışdır. İnsan, yaşaya bilməsini təmin edəcək saysız nemətlə birlikdə qüsursuz şəkildə yaradıldığını düşünməlidir və bunların hamısı, özünə əhəmiyyətli bir gerçəyin xatırladılmasına səbəb olacaqdır:

İnsanı yoxdan yaradan Allahdır. Onu və onun ətrafındakı bütün gözəllikləri, fərqində olduğu və ya olmadığı bütün nemətləri, bu nemətlərin ən kiçiyini və ən böyüyünü davamlı olaraq yaradan və bunların hər birində heyran edici  detallar var edən Uca Allahdır. Bu, Allahın detal sənətidir. Allah, sonsuz ağlı ilə insanların qavraya bilmədikləri, hələ incəliklərini kəşf edə bilmədikləri sistemlər yaradır, hər detalın içində Öz Ucalığını və qüdrətini göstərən daha da incə gözəlliklər var edir. Yoxdan var edən, hər şeyi dilədiyi kimi təqdir edən və onları hər an dilədiyi kimi yaratmağa qadir olan Uca Allah üçün şübhəsiz bu son dərəcə asandır. Allah diləsə, əlbəttə bunların hamısını aradan qaldırıb yox edə bilər. İnsanın vəzifəsi isə, özünə qarşılıqsız təqdim edilən bu nemətlərə şükr etmək, Allaha möhtac olduğunu bilmək və yalnız Ona yönəlməkdir.

Yer üzündəki bütün varlıqlar mükəmməl detallara sahibdir. Bir canlını araşdırdığınızda, sahib olduğu hər detalın içində saysız yaradılış möcüzəsi görərsiniz. Bir mikroorqanizmin quruluşunda detallar vardır, hər şeyin təməli olan ən kiçik hissəcik, yəni atomlar çox müxtəlif detallara malikdir. Səma möhtəşəm tarazlıqlar və nizamlarla yaradılmışdır. Kainat, insan bədəni, bitkilər, Günəş, çiçəklər, dağlar, dənizlər hər biri saysız detal və xüsusiyyət ilə birlikdə var edilmişdir. Sahib olduqları bütün detallarda bir sənət vardır. Bu, Allahın detal sənətidir.

Ancaq ən əsası  bu həqiqətin heç bir zaman ağıldan çıxarılmamasıdır: Allah bir şeyi  yaradarkən onu hazırlamağa və səbəblərə ehtiyacı yoxdur (Allahı tənzih edərik). Bir canlının görə bilməsi üçün kompleks görmə sisteminin var olmasına, bütün məlumatlarımızın DNT-lərimizdə qeyd olmasına, DNT-lərin varlığına, suyun meydana gəlməsi üçün oksigen və hidrogenin bir-biriylə reaksiyaya girməsinə,bitkilərin fotosintez prosesini həyata keçirməsinə, qarışqanın 500.000 hüceyrəlik bir sinir sisteminə sahib olmasına, bitkinin əmələ gəlməsi üçün toxumun varlığına və toxumda bütün məlumatın cəmlənməsinə, okean dərinliklərindəki canlıların işıq saçmalarına heç zaman ehtiyac yoxdur. Allah, bütün bunları heç bir səbəbə bağlı olmadan da yaradır, çünki göylərin və yerin Yaradıcısı olan Allah səbəblərdən münəzzəhdir.

Allah, bir şeyin yaradılmasını dilədiyi zaman ona yalnız "Ol" deyir. Bir şeyin, sahib olduğu mükəmməlliklərlə bir anda olmasını dilədiyi zaman, ona hökm etməsi kifayətdir. Bu gerçək insanlara ayələrlə belə xəbər verilir:

"Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir. Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da olar." (Yasin 81-82)

Allahın bu incəlikləri yaratmasındakı  hikmətlərindən biri bizləri düşünməyə vadar etməkdir. Allahın hər şeyi yoxdan var etdiyini, Onun varlığının dəlillərini görüb anlamağımız üçündür. Allaha möhtac varlıqlar olduğumuzu görə bilməmiz üçündür...

Dünyada Allahın diləməsiylə var olduğumuzu, Allahın diləməsiylə yaşamaqda olduğumuzu və Allahın diləməsiylə axirətdəki sonsuz həyatımıza davam edəcəyimizi açıq bir şəkildə  anlamağımız üçündür...

Mütləq Allaha dönəcək bir varlıq olduğumuzu və dünyada etdiklərimizdən, yaşadıqlarımızdan, bizə verilən dəlillərdən sorğuya çəkiləcək olduğumuzu xatırlatmaq üçündür...

Əlbəttə Allah, bunların hər birini yox etməyə və axirətdə daha mükəmməl halları ilə yenidən yaratmağa qadirdir. Allah böyükdür, uludur, Ucadır. Bütün varlıqlar Ona boyun əymişdir. Bu dünyada yaşayan və yaşayacaq olan bütün insanlar, bu sətirləri oxuyan sizlər də daxil olmaqla, bir gün mütləq Allahın hüzuruna  çıxarılacaq. O gün gəlmədən əvvəl, hər insanın, Allahın varlığının dəlillərini təqdir edə bilməsi lazımdır. Allahın detal sənəti, bu həqiqəti hər an xatırlaya biləcəyimiz şəkildə nümayiş olunur:

"Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Bilin ki, Allahın vədi haqdır, lakin onların çoxu (bunu) bilmir. O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız." (Yunus Surəsi, 55-56)