Allahı yaxından tanımaq

İnsanın detallarda gizlənən möcüzəvi formaları görməsi Allahın gücünü haqqıyla təqdir edib Ona yaxınlaşmasını təmin edir. İnsan gözündəki mükəmməllik, kəpənək qanadındakı al-əlvan rənglər və saysız-hesabsız nemət insanın iman gətirməsinə vəsilə olan möcüzəvi detallardan ibarətdir. Narahat olduğumuza görə öldürmək istədiyimiz həşəratda belə, yaxından baxdıqda, heyrətamiz təfərrüatlar gizlənmişdir. Barmaq izi də kənardan baxdıqda heç nə ifadə etmir. Ancaq hər insanda eyni görünən barmaq izlərinə yaxından baxdıqda hər biri digərindən tamamilə fərqli möhtəşəm dizaynlara şahid oluruq. Rəbbimizin bənzərsiz sənətilə yaratdığı hər detal imana vəsilə olan və ya imanı artıran möhtəşəm görüntülərə malikdir. Qısaca desək, Allahın yaratma sənətindəki detallar Allahı yaxından tanımağımıza kömək edir. Rəbbimizin üstün yaratma sənətilə yaratdığı bəzi gözəllikləri yaxından təhlil edək:

İNSAN GÖZÜNDƏKİ MÖCÜZƏVİ DETALLAR

Gözləriniz olmasaydı, bir rəngin, formanın, mənzərənin, insan üzünün, gözəllik anlayışının necə bir şey olduğunu heç vaxt xəyalınızda canlandıra bilməzdiniz. Lakin gözləriniz var və bu sayədə ətrafınızı görür, hal-hazırda bu yazını oxuyursunuz. Bunun nə qədər böyük möcüzə olduğu bir çox insan kimi bəlkə bu günə qədər sizin də ağlınıza gəlməmişdi.

Eynilə barmaq izləri kimi hər insanın gözünün qüzehli qişasındakı izlər də digər insanınkı ilə eyni deyil. Bu fərqin səbəbləri birləşdirici toxumadan ibarət şəbəkə, əsas toxuma lifləri, kirpiyəbənzər yumurtalar, gərilmə izləri, damarlar, halqalar, rəng və ləkələrdir.

Dünyada yaşayan milyardlarla insanın hər birinin gözü fərqli quruluşdadır. Hətta nə qədər çox bənzəsələr də, eyni insana aid iki qəhvəyi göz heç vaxt bir-birlərinin eyni deyil. Xarici aləmdəki işıq zərrəcikləri gözünüzün ön tərəfindəki şəffaf buynuz qişadan, sonra qüzehli qişa adlanan çənbər formasındakı toxumadan, daha sonra da fokuslama edən göz büllurundan keçir və gözün arxa tərəfindəki tor qişaya düşür. Tor qişa üzvi hüceyrələrdən əmələ gəlməsinə baxmayaraq üzərinə düşən bu görüntünü dünyanın ən sürətli kompüter əməliyyatçısından daha sürətlə şərh edərək “məlumata”, yəni elektrik siqnallarına çevirir. Tor qişa hüceyrələri arasındakı mütəşəkkillik ən mürəkkəb elektron dövrələrdən belə daha təkmildir. Elektrik siqnallarına çevrilən görüntü sinirlər vasitəsilə beyindəki görmə mərkəzinə ötürülür. Bu mərkəzdəki hüceyrələr isə bu məlumatı şərh edərək yenidən görüntüyə çevirir.

Gözün mükəmməl quruluşu, əlbəttə, burada qısa şəkildə təhlil etdiyimizdən daha çox detala malikdir, məsələn, göz bülluru şüaları tor qişa üzərində fokuslayarkən daima qalınlığını tənzimləyir. Bu “avtomatik fokuslama” sistemi sayəsində 20 sm uzaqlıqda olan əlinizə baxdıqdan dərhal sonra 100 m uzaqlıqdakı bir ağaca baxır və dərhal aydın görüntü əldə edə bilirsiniz.

Əgər göz büllurunun belə bir xüsusiyyəti (və bu iş üçün ətrafına yerləşdirilmiş çoxlu kiçik əzələ) olmasaydı, ancaq müəyyən məsafədəki cisimləri aydın görə biləcəkdiniz. Daha uzaq və daha yaxındakı maddələr isə çox bulanıq görünəcəkdi. Qısaca desək, göz “avtomatik fokuslama” xüsusiyyətinə malik olan və son 10 il ərzində icad edilən müasir fotoaparatların gördüyü işi milyon illərdən bəri edir. Həm də heç bir fotoaparat göz qədər mükəmməl fokuslama edə bilmir.

Gözün tərkib hissələrindən biri olan qüzehli qişa isə başqa cür tənzimləmə funksiyası yerinə yetirir. Qüzehli qişa gözünüzə rəng verən toxumadır, amma əsl funksiyası gözə girən işıq miqdarını tənzimləməkdir. Bir az tutqun mühitə girdikdə, qüzehli qişa dərhal genişlənir və ortasındakı “göz bəbəyi” böyüyərək tor qişaya daha artıq işıq girməsini təmin edir. Günəşə çıxdıqda isə tam əksinə vəziyyət baş verir və qüzehli qişa göz qamaşmasını zəiflətmək üçün çox sürətlə daralır. Əgər qüzehli qişa belə bir funksiyaya malik olmasaydı, ancaq müəyyən işıq mühitində ətrafı yaxşı görə bilərdik. Bir az tutqun mühit zülmət qaranlığa çevrilər, daha işıqlı mühitdə isə gözlərimiz tamamilə qamaşardı.

Göz qapaqları

Göz qapaqları gözün qorunması üçün yaradılmış ən mühüm hissələrdən biridir. Göz qapaqlarının funksiyası göz almasını qorumaqla yanaşı buynuz qişanın nəm faizini müəyən dərəcədə saxlamaqdır. Göz qapaqlarının daxili hissəsində yerləşən damarlar yuxuda oksigen ala bilməyən gözün xarici təbəqəsini qidalandırır.

Hər kəs gün ərzində heç fərqinə varmadan min dəfələrlə gözlərini qırpır. Bu hərəkət qeyri-iradi edilir və bu sayədə gözlər sıx işıq təmasından və yad maddələrdən qorunur. Bu prosesin asanlıqla baş verməsi də bir çox insanın fərqinə varmadığı nemətdir.

Göz bəbəyi

Gözə düşən işıq miqdarı göz bəbəyinin açılıb-yığılma dərəcəsinə görə 30 dəfə dəyişə bilər. Məsələn, parlaq işıqda 0.1 saniyədə göz bəbəyi dərhal özünü tənzimləyərək işığı sındırır.  

Əlbəttə, bütün bu saydıqlarımız gözdə çox üstün “dizayn” olduğunu sübut edir. Bu elə bir sistemdir ki, bircə hissəsi, məsələn, təkcə göz yaşı vəzləri  və ya buynuz qişanın şəffaflığı olmasa, göz heç bir işə yaramaz. Yəni gözün funksiyasını yerinə yetirməsi üçün bütün əsas hissələrin (təxminən 40 ayrı toxumanın) eyni anda, lazımi yerdə, lazımi formada olması və lazımi funksiyanı yerinə yetirməsi şərtdir. Bu cür mürəkkəb dizaynın “təkamül” ilə, yəni təsadüflər nəticəsində əmələ gəlməsi isə qeyri-mümkündür. Göz üstün bir ağlın əsəridir. Bu, Rəbbimizin bənzərsiz ağlıdır. Allah insanlara yolgöstərən kimi endirdiyi kitabında belə bildirir:

Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, şükür edəsiniz! (Nəhl Surəsi, 78)

Ən mükəmməl göz damcısı: göz yaşı

Bir çoxlarının “ancaq ağladıqda axan duzlu su” hesab etdiyi göz yaşı vəziyyətə görə dəyişən fərqli quruluşu olan çox xüsusi mayedir.

Göz yaşının ilk funksiyası gözü mikroblara qarşı qorumaqdır. Tərkibindəki “lizosom” fermenti bir çox bakteriya növünü  parçalama və mikrob öldürmə xassəsinə malikdir.  Lizosom sayəsində göz infeksiyalardan qorunur. Bu maddə binaları mikroblardan təmizləmək üçün istifadə edilən güclü “fenol turşusundan” belə daha təsirlidir. Bu qədər güclü olduğu halda bu fermentin gözə heç bir zərər verməməsi böyük möcüzədir.

Tərkibində bu cür çox güclü dezinfeksiyaedici maddə olan göz yaşı gözün kimyəvi quruluşuna ən uyğun şəkildə yaradılmışdır. Bu yağlama-nəmləndirmə sistemi sayəsində gözümüz qurumur. Əgər bu sistem olmasa və ya sistemdə çatışmazlıq olsa, onda göz ilə göz qapağı arasında daima sürtünmə olar, gözünüz bir neçə dəqiqədə quruyar, göz qapaqlarınız yapışar və çox ağrılı proses nəticəsində kor olardınız.

BARMAQ İZİNDƏKİ MÖHTƏŞƏM DETAL

Bəşəriyyət tarixinin başlanğıcından bu günə qədər çox sayda insan yaşamışdır. Allah milyardlarla cüt göz, milyardlarla fərqli barmaq izi, milyardlarla fərqli dəri toxuması, milyardlarla fərqli insan tipi yaratmışdır.

1. Barmaq izi barmaqların son oynağı və uc hissəsindəki qırışların meydana gətirdiyi izdir. İnsan bədəninin xarici dəri qatında yerləşən hər qırışda tər dəlikləri var. Bunların hər biri daxili dəri qatına qədər uzanır. Hər dəlik orada mıxa bənzəyən və papila adlanan iki sıralı çıxıntılarla daxili dəri qatına sanki mıx kimi vurulmuşdur. Buna görə xarici dəri qatı zədələnsə, hətta tamamilə məhv olsa da, bu papilalar barmaq izinin müəyyən edilməsi üçün kifayət edir. Yeni çıxan dəridəki izlər də papilalar sayəsində əvvəlkinin eynisi olur. Lakin daxili dəri qatında yerləşən papilalar tamamilə itsə, onda barmaq izini müəyyən etmək mümkün olmaz, çünki bu halda barmaq içi qırışları tamamilə itir.

2. Eyni yumurta əkizləri də daxil olmaqla, hər insanın barmaq izi özünəməxsusudur. Başqa sözlə, insanların barmaq uclarındakı şəxsiyyətləri də şifrələnmişdir. Bu şifrələmə sistemini dövrümüzdə istifadə edilən barkod sisteminə bənzətmək olar.

3. Barmaq izi doğuşan əvvəl ana bətnində son formasını alır və daimi yara olmasa, ömür boyu dəyişmədən qalır. Elə bu səbəbdən barmaq izi hərkəsin özünə xas olan çox mühüm “şəxsiyyət vəsiqəsi” hesab edilir və daktiloqrafiyadan (barmaq izini öyrənən elm) insanların barmaq izlərini müəyyən etmə metodu kimi istifadə olunur. Barmaq izinin bu xüsusiyyəti XIX əsrin sonlarında kəşf edilmişdir. Bundan əvvəl insanlar barmaq izini heç bir xüsusiyyəti və mənası olmayan xətlər hesab etmişdirlər.

4. Barmaq izindəki formalar və detallar tamamilə sahibinə xasdır. Hal-hazırda yer üzündə yaşayan və tarix boyu yaşamış bütün insanların barmaq izləri bir-birindən fərqlidir. Habelə eyni DNT düzülüşünə malik eyni yumurta əkizlərinin belə barmaq izləri bir-birindən fərqlənir.

5. Barmaq izi sisteminin tapılması çox qədim tarixə gedib çıxır. Qədim ədəbiyyatda barmaq izi ilə bağlı bəzi yazılar olsa da, bu yazılarda barmaq izinin istifadə edilməsi ilə bağlı heç bir məlumata rast gəlinməmişdir. Əvvəlcə Nehemia Qru (1684), Marsello Malpiqi (1686) və J.E. Pörkini (1823) kimi anatomistlər insanların barmaqlarındakı qırışların bəzi xüsusiyyətlərə malik olduğuna diqqət çəkmişlər.

6. Bu gün istifadə edilən və Henri Sistemi kimi tanınan barmaq izi sisteminə əsasən barmaq izində beş əsas forma qəbul edilir: sol halqa, sağ halqa, yay, çadırabənzər yay və dairəvi yay. Bu tiplər əsasən A, T, R, U, W hərflərilə ifadə edilirlər.

7. Buna bənzər barmaq izi usulunu da Vusetik hazırlamışdır. Vusetik dörd əsas barmaq izi qəbul etmişdir: yay, daxili ilmə (sola əyilmiş ilmə), xarici ilmə (sağa əyilmiş ilmə) və dəstə. Henri Fouldz və Vusetikdən başqa bəzi elm adamları da barmaq izi ilə bağlı əsərlər yazmışlar, ancaq bunlar bir-iki ölkə tərəfindən qəbul edilmişdir. Henri Fouldz və Vusetik sistemi isə dünyanın bir çox ölkəsi tərəfindən qəbul edilmişdir.

8. Barmaq izi ilə şəxsiyyəti müəyyən etmə sistemi (AFS) texnologiyası son 25 ildən bəri müxtəlif polis təşkilatlarında əsaslılığı sübut edilmiş, qanuni şəkildə təsdiqlənmiş üsul kimi istifadə edilir. Dövrümüzdə geniş yayılmış şəxsiyyəti müəyyən etmə işlərində barmaq izi qədər müsbət nəticə verən texnologiya yoxdur. Barmaq izi ilə şəxsiyyəti müəyyən etmə 100 ildən artıq hüquqi proseslərdə istifadə edilir və beynəlxalq səviyyədə də keçərlidir.

9. A. A. Moenssens “Barmaq izi metodları” adlı kitabında barmaq izinin hər insana xas formasını belə dəyərləndirmişdir: “İndiyə qədər müxtəlif barmaqlardakı iki barmaq izindən heç birinin eyni bir-birilə eyni olduğuna rast gəlinməmişdir”

10. Quranda barmaq izlərinin ancaq dövrümüzdə rast gəlinən xüsusiyyətinə və əhəmiyyətinə diqqət çəkilmişdir. Bir ayədə insanları ölmüdən sonra diriltmənin Allah üçün çox asan olduğundan bəhs olunarkən insanların xüsusilə barmaq uclarına diqqət çəkilir:

Bəli, Biz onun barmaqlarını da (barmaqlarının uclarını da) düzəltməyə qadirik! (Qiyamə Surəsi, 4)

MİLÇƏK GÖZÜNDƏKİ İNCƏ DİZAYN

Milçək saniyədə 500 dəfə çırpdığı qanadları və qeyri-adi uçma qabiliyyətinə malik yaradılış möcüzəsidir. Onun digər möcüzəvi xüsusiyyəti isə minlərlə göz büllurundan ibarət mürəkkəb gözləridir. Bir milçək başının sağ və sol tərəflərində 4000 ayrı hissə yerləşən, bütövlükdə 8000 hissədən ibarət pətək gözlərə malikdir. Bu 8000 hissənin hər birində görüntünü müxtəlif bucaqlardan görən göz bülluru var. Milçək bir çiçəyə baxdıqda çiçəyin bütün görüntüsü milçəyin gözündəki 8000 ayrı göz büllurunda ayrı-ayrı əks olunur. Milçəyin beyninə ötürülən bu fərqli görüntülər bir pazldakı hissələrin birləşməsi kimi birləşirlər. Bu minlərlə fərqli hissənin birləşməsi nəticəsində isə milçək çiçək görüntüsünü görür. (How Come? Planet Earth, Kathy Wollard, Workman Publishing, New York, 1999, sf. 116)

Milçək olduqca kiçik canlıdır. Gözlərində minlərlə göz büllurunun olması, gördüklərini şərh edən beyin sisteminə malik olması qeyri-adi haldır. Biz ancaq bu canlını təhlil etdikdə bu məlumatı əldə edirik. Halbuki yer üzündəki bütün milçəklər yaradıldıqları ilk andan etibarən bu mükəmməl quruluşa malikdir. Çünki onlar da yer üzündəki canlıların hamısı kimi Allahın bir möcüzəsidir, araşdırıb təhlil etdikcə insanı heyrətə salan bənzərsiz yaradılış möcüzələridirlər.

Sadəcə bir neçə millimetrlik sahədə 8000 ədəd göz büllurunu yerləşdirən və bunların hər birinə görmə qabiliyyəti verən bilik və texnologiya dövrümüzdə mövcud deyil. Bu göz büllurlarının işığı qavramasını təmin edən və bu qavrayışı mükəmməl şəkildə görüntüyə çevirən sinir sistemini əmələ gətirmək qeyri-mümkündür. Əlində olan bu üstün bilik və təcrübəyə baxmayaraq insanın bənzərini əmələ gətirə bilmədiyi bu mükəmməl formanın təsadüflərlə ortaya çıxması iddiası necə inandırıcı ola bilər? Əlbəttə, belə bir şey mümkün deyil. Təsadüfləər bu canlının malik olduğu 8000 göz büllurundan bircəsini, hətta bu göz büllurlarını təşkil edən saysız-hesabsız hüceyrələrin bircə zülalını belə əmələ gətirə bilmirlər. Hər varlığı mükəmməl incəlikləri ilə yaradan, kiçik bir milçəyə qeyri-adi sistem yerləşdirən və insanlara bunları anlayıb düşünmələri üçün ağıl və vicdan verən, varlıqların hamısını hər an görən və hər an nəzarət edən Uca Allahdır.

Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! (Həcc Surəsi, 73)

XƏRÇƏNGİN PERİSKOPA BƏNZƏYƏN GÖZLƏRİ

TOVUZQUŞUNUN QUYRUĞUNDAKI MÖHTƏŞƏM DETALLAR

1-    Erkək tovuzquşundan hər il yenilənən təxminən 200 quyruq tükü var.

2-    Tüklərdən 170-ə yaxını göz formasındadır, bunlar “göz tükü” adlandırılır. Qalan 30 tük isə quyruğa çox estetik görünüş verən “t tükləridir”.

3-    Tovuzquşları quyruq tüklərini göstərərkən əmələ gələn yelpazədə göz tüklərinin çox nizamlı şəkildə açıldığı, t və göz tüklərinin də mikroskopik ölçüdə çox mürəkkəb quruluşa malik olduğu məlum olur. Gözlərin hər biri görünən vəziyyətdədir, çünki yelpazədə qabaq sırada qısa tüklər, arxa sırada uzun tüklər yerləşdirilmişdir.

4-    Bir tovuzquşunun tükündəki bu əlvan rənglərin bir xüsusiyyəti də görmə bucağına uyğun olaraq dəyişmələridir. Burada rənglər piqmentlərlə (heyvan və ya bitki toxumalarına rəng verən maddə) deyil, incə-plyonka adlandırılan və ilmələrdə əmələ gələn optik təsir sayəsində meydana gəlir.

5-    İlmələr quş tüklərindəki ən incə formalardır və ancaq mikroskop altında görünürlər. Bir tovuzquşu tükündə çox sayda tükcük yerləşir və hər bir tükcük üzərində də təqribən 1 milyon ilmə var. Tovuzquşunun göz tükü üzərindəki ilmələr tunc, mavi, tünd bənövşəyi və yaşıl rənglərdə görünürlər.

6-    İlmələrdəki incə plyonka təsiri üç keratin təbəqədə əmələ gəlir. Bu təsir üç təbəqədə eyni anda əmələ gəlir və müxtəlif rənglər ortaya çıxır. Keratin təbəqələrin müəyyən rəngi hazırlaması ancaq olduqca incə olmaları sayəsində mümkün olur. Keratin təbəqələrinin qalınlığı millemtrin sadəcə 20.000-də 1-nə bərabərdir və bu ən parlaq rəngin hazırlanmasında “optimal” qalınlıqdır. Çünki təbəqə qalınlığı gözlə görünən işığın dalğa uzunluğundan artıq olmamalıdır.

Göründüyü kimi, tovuzquşu tükündəki nizam olduqda kompleksdir və şüuru olmayan tovuzquşunun bu nizamı özü qurması və bədəninə yerləşdirməsi mümkün deyil. Tovuzquşu tüklərindəki bu nizamı quran və onlardan gözəl naxışlar yaradan Uca Allahdır. Rəbbimizin heyranedici yaratma sənəti bir Quran ayəsində belə bildirilmişdir:

Allah hər heyvanı bir sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir! (Nur Surəsi, 45)

KƏPƏNƏK QANADINDAKI MÖCÜZƏVİ RƏNGLƏR

Kəpənək qanadlarındakı rənglər

Kəpənək qanadlarndakı rəngi əmələ gətirən iki əsas mexanizm var. Biri sabit rəngləri, digəri isə mükəmməl dəyişkən rəngləri meydana gətirir.

Sabit rənglər müəyyən dalğa uzunluqlarını soran və digərlərini əks etdirən kimyəvi piqmentlərə bağlıdır. Məsələn, bitki yarpaqları “xlorofil piqmenti”nə görə yaşıldır, yerkökü “karoten” adlanan piqmentə görə narıncıdır. İnsan dərisinin və saçının fərqli rənglərdə olmasının səbəbi isə “melanin” piqmentidir.

Dəyişkən rəngləri isə piqmentlər əmələ gətirmir. Qanadlardakı fotonik formaların nəticəsidir.

Bəzi kəpənəklər hər iki mexanizmdən istifadə edərək üstün işıq texnologiyası ilə rəng yayırlar. Bunlardan biri olan Afrika haçaquyruq kəpənəyi 30 milyon ildən bəri heyranedici rənglər yayır. Bu kəpənək növündə olduqca incə işıq texnologiyası var. Kəpənəyin qanadı yüz minlərlə kiçik pulcuqlardan təşkil olunmuşdur. Pulcuqların içində flüoresant piqmentləri var. Bu piqmentlər ultrabənövşəyi işıq dalğalarını udur və bunu mavi-yaşıl rəng kimi əks etdirirlər. Ultrabənövşəyi şualar görünən işıqdan fərqli dalğa uzunluğuna malik işıq növüdür, məsələn, qaranlıq otaqda ultrabənövəyi şüalara məruz qalan bu kəpənəklər mavi-yaşıl rəng verirlər.

Uca Allah kəpənəkdəki işığın faydalı şəkildə əks olunması üçün də mükəmməl sistem yaratmışdır. Kəpənəkdəki rəng piqmentləriin altında təbəqələrlə örtülü bölmə var. Bu təbəqələrdən ibarət forma olduqca xüsusi “güzgü vəzifəsini” yerinə yetirir. Ancaq bu, bizə məlum olan güzgülərdən fərqlidir. Güzgülər üzərlərinə düşən işığın hamısını əks etdirərkən kəpənəkdəki bu təbəqə ancaq lazım olan dalğa uzunluqlarını əks etdirir. Bu da kəpənəkdə yüksək keyfiyyətli rəngli görünüşə səbəb olur. Bu cür təbəqəli forma fizikada “yayılmış Breq əks etdiricisi” adlandırılır.

Kəpənəklərdəki rəngin bu qədər keyfiyyətli olmasını təmin edən 3 əsas amil
1.   Flüoresan piqmentləri. Bu piqmentlər ultrabənövşəyi şüaları soraraq lazımi intervalda olan işığı əks etdirir.
2.   Piqmentlərin altındakı yayılmış Breq əks etdiricisi. Bu əks etdirici piqmentlərdən yayılan işığı lazımi istiqamətdə əks etdirir.
3.  Piqmentlərin üstündə yerləşən içi boş hava silindrlərindən ibarət fotonik kristallı bölmə. Bu bölmə də işığın kəpənəyin qanadının içində saxlanmasının və kənara yayılmasının qarşısını alaraq hədəfə istiqamətləndirir.
Kəpənəkdəki fotonik kristal quruluş

Bütün bunlardan fərqli olaraq rəngin əmələ gəlməsinə səbəb olan başqa amil də var. Bu, əks etdirilən işığın kənarlara yayılmasının və kəpənəyin içində qalmasının qarşısını alan əlavə formadır. Bu formalar fotonik kristallardır.

İçi boş hava silindrlərindən təşkil olunmuş fotonik kristallar işığın yayılmasına mane olur və işığı müəyyən istiqamətə yönəltmək üçün texnologiyada istifadə olunur.

Kəpənəklərdəki fotonik kristal formalar da belədir. Piqmentlərin üst hissəsində yerləşirlər. Piqmentlərdən gələn və piqmentin altındakı güzgülərdən əsk etdirilən işıq şüaları fotonik kristallar vasitəsilə kəpənəyin içinə yayılmadan xaric olunur.

Fotonik kristalları təşkil edən düzgün yayılmış içi boş silindrlərin istiqaməti çox özünəməxsusdur. Bu kristallar yayılan işığı kəpənəkdən kənara istiqamətləndirəcək şəkildə yerləşdirilmişlər. Bu cür yerləşmə isə işığın qanadlarda saxlanmasının qarşısını alır.

Silindirlərin düzgün yayılması və bərabərtərəfli olmaları da çox mühümdür. Bir paradda hərəkət edən bütün əsgərlərin eyni anda ayaq və qollarını hərəkət etdirməsi kimi əmr almış kimi uyğun hərəkət edən fotonik kristallar da qüsursuz yaradılış dəlilini göstərir.

Bir kəpənək növü olan Ancyluris meliboousun rəngləri qanadlardakı çoxqatlı fotonik kristallar sayəsində ən kiçik qanad hərəkətlərilə belə dəyişir. Çünki qanadlardakı çoxtəbəqəli kristallar yerləşməsi müxtəlif bucaq altında müxtəlif rəngləri əks etdirəcək şəkildə yerləşmişdir.

KƏPƏNƏK QANADINDAKI PULCUQLAR

Kəpənəyin piqmentlərinin altında yerləşən güzgü vəzifəsini yerinə yetirən hissə də çox xüsusidir. Evinizə bir güzgü qoyduqda, əlbəttə, bunu görmə bucağı baxımından ən uyğun yerə qoyursunuz. Kəpənəkdəki güzgü də bir məqsədlə oraya yerləşdirilmişdir. Bir çox mövqe və istiqamətdə yerləşdirilə bilər. Ancaq kəpənəkdə bu güzgülər piqmentdən yayılan işığı qanadlardan çölə əks etdirəcək şəkildə yerləşirlər. Başqa heç bir mövqe və istiqamət bu qədər uyğun ola bilməz. Bundan əlavə, bu, müəyyən intervaldakı dalğa uzunluqlarına malik işığı əks etdirən çox xüsusi güzgüdür və güzgünün əks etdirdiyi dalğa uzunluğu da məhz piqmentlərdən çıxan dalğa uzunluğu ilə eynidir. Bəs kəpənək bu hesablamaları haradan bilir?

Nəticə: ... Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz (bütün) əməllərdən xəbərdardır! (Nəml Surəsi, 88)

Bütün bu detallar, əlbəttə, açıq-aşkar yaradılışın dəlilləridir.Kəpənək çox kiçik həşərat növüdür. Qanadındakı əlvan dəyişkn rəngləri, foton kristallarını, işıq oyunlarını, heyranedici naxışları əmələ gətirən estetik dünyagörüşünə və texniki məlumata, bu məlumatı və biliyi dəyərləndirən ağıla və şüura malik deyil. Qanadlardakı formaların incəliklə, heyranedici naxışları meydana gətirəcək şəkildə və fotonların texniki xüsusiyyətlərinə uyğun olaraq insan gözünün görəcəyi şəkildə dizayn edilməsinin isə kor təsadüflərin nəticəsi olduğunu iddia etmək ağıl və məntiqdən kənardır. Ağıl sahibi hər insanın qəbul etdiyi kimi kəpnəklərin qanadlarında üstün bir elmlə yaradılmış sənət aləmlərin Rəbii olan Uca Allahın Sani (Sənətkar – sonsuz gözəllikləri sənətilə yaradan) sifətinin təzahürlərindən sadəcə biridir.

(Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri (də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır! (Nəhl Surəsi, 13)

HƏŞƏRATLARDAKI ÜSTÜN DETALLAR

Ayaqlar

Çox sadə canlı kimi görünən qarışqaların ayaqlarını tədqiq edən elm adamları həm mükəmməl dizaynla, həm də robot istehsalçılarına ilham verən sistemlə qarşılaşdılar. Massaçusets Universtitenin bioloqlarından Elizabet Breynerd və qrupu Harvard və Vürzburq universitetləri ilə əməkdaşlıq edərək qarışqaların və arıların tavan kimi səthlərdə tərs və dik şəkildə necə yeridiklərini araşdırmış və maraqlı nəticələr əldə etmişlər. Şüşə səthlərdə sürətlə yeriyən arılar və qarışqalar kameraya çəkilmiş və bu həşəratların ayaqlarındakı yapışqan orqanların digər canlılardan fərqli olduğu üzə çıxmışdır. Nümunə olaraq bir kərtənkələ növü olan geko verilmişdir. Gekoların ayaqlarındakı yapışqan yastıqlar hər addımdan sonra yapışdığı səthdən ayrılır.

Bu isə yavaş və statik hərəkətə yol açır. Həşəratların malik olduğu sistem isə daha dinamikdir. Breynerd bu barədə belə deyir:

“Qarışqaların və arıların ayaqları heyrətamiz kompleks formalardır.  Mikroskop altında tədqiq olunduqda hər bir ayaq buğanın buynuzlarına bənzəyən bir cüt pəncəyə malikdir. Bu, pəncələrin arasında arolium adlanan yapışqan ayaq yastıqları yerləşir. Həşərat bir səthdə qaçdıqda pəncələr səthdən yapışmağa çalışırlar. Əgər pəncələr səthdən yapışa bilməsələr, geri çəkilir və yapışqan ayaq yastıqları işə düşür. Ayaq yastığı sürətlə açılır və qanla şişir, pəncələrin arasından çıxaraq yapışqan yastığın səthə yapışmasını təmin edir. Daha sonra boşalır və geri qatlanır. Bütün bu proses sadəcə saniyənin 10 və ya 100-də 1-i qədər müddətdə baş verir və həşərat sürətlə hərəkət edərkən şimşək kimi hər addımda təkraranır. Bundan əlavə, ayaq yastığı nəm kağız parçasının pəncərə şüşəsinə yapışması kimi həşəratların yumşaq səthlərə yapışmasını təmin edən maye ifraz edir.”

Tədqiqatçılar pəncələrin hərəkətini tənzimləyən vətərlərin ancaq pəncələrin geri çəkilməsini deyil, ayaq yastığını hərəkət etdirmək vəzifəsini də yerinə yetirdiyini aşkar etmişlər. Bu sistem mexaniki və hidravlik sistemlərin birləşməsindən ibarət mükəmməl dizayndır. Robot istehsalçıları bu sistemi təqlid edərək tibbdə istifadə ediləcək kiçik robotların istehsalı üzərində işləyirlər.

Tərəfsiz düşünən hər məntiqli insan hər hansı təsadüfi hadisənin nəinki mükəmməl quruluşa malik mürəkkəb sistemləri təşkil etdiyini, əksinə, onu məhv etdiyini bilir. Bu həqiqət açıq-aşkar ortadadır. Həşəratlardakı bu üstün sistemləri yaradan, hər təfərrüatı nizamlayan, şəkil və surət verən, onları hər an nəzarəti altında tutan aləmlərin Rəbbi olan Uca Allahdır.

Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, (yenə də) göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. Allah ehtiyacsızdır, şükür olunmağa layiqdir. (Nisa Surəsi, 131)

Bığcıqlar

Həşəratların bığcıqları da xüsusi dizayn nümunəsidir. Bu canlılar ətrafda baş verən hadisələrdən bığcıqları vasitəsilə xəbər tuturlar. Xəbərləşmək üçün istifadə etdikləri kimyəvi maddələr bığcıqlar tərəfindən təhlil edilir. Bığcıqların əsl funksiyası həşərat üçün həssas qoxu hissini təmin etməkdir. Bığcığın üzərində çox sayda qoxu siniri yerləşir. Bu sayədə həşərat qidaları qoxulayır, qarşı cinsə aid feromon adlandırılan kimyəvi xəbərçi maddələri və ya qoxu daşıyam molekulları təsbit edir. Bu bığcıqlar qarışqa, balarısı kimi həşəratlarda digər həşəratları tanıma və kimyəvi rabitə üçün də istifadə edilir. Bu canlılar qarşı tərəfə bığcıqları ilə toxunaraq aldıqları kimyəvi siqnalları təhlil edir və qarşı tərəfin dost və ya düşmən olduğunu müəyyən edirlər. Ağcaqanadlar bığcıqları  ilə səsləri də tuta bilirlər. Bundan əlavə, bığcıqlar estetik görünüşdə də rol oynayırlar.

İnsan bircə nümunədəki detallara baxaraq Allahın böyüklüyünü görür, Onu təqdir edir. Bütün nemətləri, bütün varlıqları, yerdə və göydə olan hər şeyi yaradanın Allah olduğunu anlayır. Bunun üçün malik olduğu bircə detal, görüb təhlil etdiyi bircə şey üzərində düşünməsi kifayət edir. İnsanın üzərinə düşən vəzifə ona verilmiş dəlilləri mütləq görmək və Allahın yerdə və göydə olan bütün varlıqlar üzərindəki hakimiyyətini təqdir etməkdir.

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru! (Ali-İmran Surəsi, 191)

YARPAQDAKI DETAL

Əlinizə bircə yarpaq alın və ona diqqətlə baxın. Bu yarpaq kimyəvi proseslər nəticəsində “fotosintez” həyata keçirir. Başqa sözlə, insanların dövrümüzdə laboratoriyalarda həyata keçirə bilmədikləri bir prosesi saniyələr ərzində bacarır. Kiçik bir yarpağın sakitlik içində həyata keçirdiyi bu kimyəvi proses insanın yer üzündə həyatını davam etdirməsinin başlıca səbəblərindən biridir.

Bu yarpağın təkcə 1mm2-də 500 dənə xlorofil yerləşir. Başqa sözlə, fotosintez üçün lazımlı və insanların heç cür laboratoriyalarda əldə edə bilmədikləri bu molekul bu yarpağın içində milyonlarladır. Əgər xlorofil molekulunu təhlil etmə imkanı olsaydı, daha artıq detal qarşımıza çıxardı. Xlorofilin içindəki prosesin sürəti saniyənin 10 milyonda 1-i qədərdir. Yəni yarpaqdakı suya çatan işığın subatom zərrəcikləri hərəkətə gətirməsi və onların orbitlərini dəyişdirməsi kimi mürəkkəb proses hər saniyə 10 milyon dəfə təkrar olunur. Həm də bu proses hər xlorofil molekulunda ayrı-ayrı baş verir.

Bir gün Allahın diləyilə xlorofil molekulları sözügedən prosesləri həyata keçirməyi dayandırsalar və ya bitkiyə çatan işığın dalğa uzunluğu fotosintez üçün uyğun olmasa, yer üzünə oksigen verən başqa mənbə tapmaq imkanı yoxdur. Bitkilər fotosintez etməsə, insan və heyvanların tənəffüsü nəticəsində çıxan həddindən artıq karbondioksidi təkrar oksigenə çevirəcək başqa yol yoxdur. Yer üzündəki həyatı davam etdirmək üçün bir xlorofil molekulunun təsadüflərin əsəri kimi meydana gəlib havanı təmizləməsini və qida əmələ gətirməsini gözləmək, şübhəsiz, məntiqsiz olar. Çünki bu qədər mürəkkəb sistemin təsadüflərlə əmələ gəlməsi qeyri-mümkündür.

Bir bitkinin karbondioksidi udaraq oksigeni havaya buraxması böyük möcüzədir. Bu qeyri-adi sistem aləmlərin Rəbbi olan Allahın böyük neməti, heyranedici əsəridir.

Təmiz bir məmləkətin bitkiləri Rəbbinin iznilə çıxar. Pis bir məmləkətin bitkiləri isə yalnız çox çətinlikdə yetişər. Biz ayələrimizi şükür edən bir tayfa üçün belə müfəssəl izah edirik. (Əraf Surəsi, 58)